Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2026-cı il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin əsasında Nazirliyin tabeliyində “Milli Kibertəhlükəsizlik Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Yeni yaradılan Agentlik kibertəhlükəsizlik sahəsində institusional potensialın gücləndirilməsi, aidiyyəti dövlət qurumları arasında koordinasiyanın artırılması, eləcə də ölkənin rəqəmsal təhlükəsizlik mühitinin daha da inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcək.
Qeyd olunan qərar kibertəhlükəsizlik və fərdi məlumatların mühafizəsi sahələrində idarəetmə, tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə, həyata keçirilən fəaliyyətin optimallaşdırılmasına və dövlət nəzarətinin səmərəliliyinin artırılmasına xidmət edir.
Bununla yanaşı, “Milli Kibertəhlükəsizlik Agentliyi”nin yaradılması milli kibertəhlükəsizlik sisteminin daha da möhkəmləndirilməsi, mövcud və potensial kibertəhdidlərə qarşı dayanıqlılığın artırılması, eləcə də ölkədə rəqəmsal transformasiya prosesinin təhlükəsiz və davamlı şəkildə inkişafının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Aktla ətraflı şəkildə tanış olmaq üçün keçid: https://lnkd.in/dx-Z4pQx
