QAYNAR XƏTT 1654

ETX-nin rəisi Fərid Zeynalov beynəlxalq “360° Cyber” günündə çıxış edib

20 Apr 2026

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəisi Fərid Zeynalov ölkənin aparıcı kibertəhlükəsizlik şirkəti “B&B Security” tərəfindən təşkil olunan beynəlxalq “360° Cyber” günündə iştirak edib.  

Sürətlə dəyişən rəqəmsal dünyada kibertəhlükəsizlik çağırışlarının müzakirəsinə həsr olunan tədbirdə ETX-nin rəisi Fərid Zeynalov ölkə səviyyəsində kibertəhlükəsizlik üzrə prioritet istiqamətlər, mövcud çağırışlar və bu sahədə görülən işlər barədə məlumat verib. O, müasir rəqəmsal mühitdə kibertəhdidlərin artdığını qeyd edərək bu sahədə institusional yanaşmanın və qabaqlayıcı tədbirlərin əhəmiyyətini vurğulayıb.

Tədbir çərçivəsində müxtəlif şirkətlərin nümayəndələri kibertəhlükəsizlik sahəsində qlobal trendlər, real təhdid ssenariləri və onların idarə olunması üzrə yanaşmalar təqdim ediblər. Həmçinin süni intellekt əsaslı həllərin rolu nəzərdən keçirilib. Panel müzakirələrində kibertəhlükəsizlik sahəsində risklərin idarə olunması, insidentlərə operativ reaksiya və gələcək çağırışlara hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Məlumat üçün bildirək ki, ilk dəfə təşkil olunan bu tədbirdə Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, İsrail, Kanada, BƏƏ və Ukraynadan olan mütəxəssislər də iştirak ediblər.