
5 mart tarixində ADA Universitetinin təşəbbüsü və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin dəstəyi ilə tələbələr üçün “Kibergigiyena və Kiberbullinq” mövzuları üzrə təlim keçirilib.

Tədbir zamanı Elektron Təhlükəsizlik Xidmətinin mütəxəssisləri müasir kiberhücumların xüsusiyyətləri, fişinq və sosial mühəndislik halları, eləcə də internetdən təhlükəsiz istifadə qaydaları barədə məlumat veriblər.

İnteraktiv formada keçən sessiyada tələbələrin sualları cavablandırılıb, real nümunələr əsasında müzakirələr aparılıb və risklərdən qorunma yolları izah edilib. Təlimin əvvəlində və sonunda keçirilən testlər vasitəsilə tələbələrin bilik səviyyəsi qiymətləndirilib.
