
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Elektron Təhlükəsizlik Xidmətinin Fərdi məlumatların mühafizəsi sektorunun müdiri Xəyalə Babayeva Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə “Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik” mövzusunda keçirilən tədbirdə çıxış edib.
O, rəqəmsal mühitdə fərdi məlumatların mühafizəsi məsələlərinə toxunaraq bildirib ki, son illərdə rəqəmsal texnologiyaların sürətli inkişafı ilə yanaşı fərdi məlumatların toplanması və işlənməsi miqyası əhəmiyyətli dərəcədə artıb. Bu baxımdan fərdi məlumatların mühafizəsi yalnız texniki və hüquqi məsələ deyil, həm də istehlakçı hüquqlarının qorunmasının və etibarlı rəqəmsal mühitin formalaşdırılmasının mühüm elementlərindən biridir.
Xəyalə Babayeva qeyd edib ki, rəqəmsal xidmətlərin inkişafı birbaşa istifadəçi etimadı ilə bağlıdır. Fərdi məlumatların təhlükəsiz qorunması istifadəçilərin rəqəmsal xidmətlərdən daha aktiv istifadə etməsinə və rəqəmsal iqtisadiyyatın inkişafına töhfə verir.

Təqdimatda rəqəmsal mühitdə fərdi məlumatların müahfizəsi sahəsində mövcud çağırışlar və risklərə də toxunulub. Bildirilib ki, məlumatların kütləvi şəkildə toplanması, süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal platformaların və sosial medianın geniş istifadəsi, transsərhəd məlumat axınları və artan kibertəhlükələr bu sahədə yeni çağırışlar yaradır.
Sektor müdiri çıxışında vətəndaşlardan daxil olan müraciətlərin təhlili nəticəsində fərdi məlumatların razılıq olmadan üçüncü tərəflərə ötürülməsi, məlumatların təhlükəsizliyinin təmin olunmaması və razılıq olmadan marketinq mesajlarının göndərilməsi kimi halların müşahidə olunduğunu da diqqətə çatdırıb. Bildirib ki, bu sahədə səlahiyyətli qurum olaraq ETX tərəfindən monitorinqlər və araşdırmalar aparılır, daxil olan müraciətlərə baxılır və qanunvericiliyin pozulması halları ilə bağlı müvafiq tədbirlər görülür. Həmçinin dövlət qurumları və müxtəlif təşkilatlar üçün maarifləndirmə təlimləri keçirilir.
ETX nümayəndəsi çıxışında ölkədə fərdi məlumatların mühafizəsi sahəsində vahid elektron portalın yaradılması üzərində işlərin aparıldığı və portalın cari ilin birinci yarısında istifadəyə verilməsinin planlaşdırıldığını da bildirib.

Təqdimat zamanı həmçinin beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış yeni “Fərdi məlumatların mühafizəsi haqqında” qanun layihəsi barədə də məlumat verilib. Qeyd olunub ki, qanun layihəsi fərdi məlumatların işlənməsi ilə bağlı hüquqi mexanizmlərin təkmilləşdirilməsinə, vətəndaşların hüquqlarının gücləndirilməsinə və təşkilatların məsuliyyətinin artırılmasına yönəlib.
Xəyalə Babayeva sonda əlavə edib ki, rəqəmsal mühitdə fərdi məlumatların mühafizəsi etibarlı rəqəmsal mühitin formalaşdırılmasının əsas şərtlərindən biridir və bu sahədə dövlət qurumları, biznes və vətəndaşlar arasında əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.
