Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt üzrə təlim proqramı yekunlaşıb
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) təşkilatçılığı, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Süni İntellekt üzrə Tədris Mərkəzinin (AI Academy) dövlət qurumlarının əməkdaşları üçün birgə keçirdiyi “Məhsul menecerləri üçün süni intellekt” təlim proqramı yekunlaşıb.
Təlim iştirakçılarına sertifikatların təqdim olunması mərasimində XRİTDX-nin İdarə rəisinin müavini Vüqar Həsənov, ETX-nin Əməkdaşlıq və kommunikasiya sektorunun müdiri Həvva Hüseynli və digər qonaqlar iştirak ediblər.
Proqram çərçivəsində dövlət qurumlarının nümayəndələri informasiya təhlükəsizliyi sahəsində yarana biləcək təhdid və risklərin qabaqcadan müəyyənləşdirilməsi, müvafiq tədbirlərin proqnozlaşdırılması və bu məqsədlə süni intellekt əsaslı həllərin işlənib hazırlanması istiqamətində nəzəri bilik və praktiki bacarıqlar əldə ediblər.
Bu təşəbbüs “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası”ndan irəli gələn vəzifələrə uyğun olaraq dövlət qurumlarında süni zəkanın institusional tətbiqinə hazırlığın sistemli şəkildə gücləndirilməsinə töhfə verir.




