Azərbaycan Respublikası Milli Kibertəhlükəsizlik İndeksi (NCSI) üzrə əhəmiyyətli irəliləyiş qeydə alaraq dünya reytinqində 52-ci yerdən 31-ci yerə yüksəlib. e-Governance Academy tərəfindən hazırlanan beynəlxalq indeks üzrə ölkəmizin göstəricisi 75.83 baldan 83.33 bala çatıb. Bu nəticə Azərbaycanın kibertəhlükəsizlik sahəsindəki sistemli inkişafının sübutu kimi dəyərləndirilir.
Bu uğur Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü dövlət siyasətinin birbaşa nəticəsidir. Belə ki, kibertəhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz bir hissəsi kimi qiymətləndirilərək bu sahənin inkişafı dövlət prioritetləri sırasına daxil edilmişdir. Rəqəmsal iqtisadiyyat və elektron idarəetmənin gücləndirilməsinə yönəlmiş strateji qərarlar ölkəmizin beynəlxalq arenada rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırmışdır.
Ölkəmizdə son illər kibertəhlükəsizlik sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, ixtisaslaşmış qurumların yaradılması və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi istiqamətlərində ardıcıl addımlar atılmışdır. NCSI-nin 12 əsas sahə və 49 indikator üzrə apardığı qiymətləndirmə göstərir ki, Azərbaycan kibertəhlükələrə operativ müdaxilə, milli siyasətin formalaşdırılması, institusional imkanlar və beynəlxalq əməkdaşlıq sahələrinin hər birində nəzərəçarpan irəliləyiş əldə etmişdir.
Kibertəhlükəsizlik sahəsindəki dövlət investisiyaları, mütəxəssis hazırlığına ayrılan diqqət və kritik informasiya infrastrukturunun qorunmasına yönəlmiş kompleks tədbirlər ölkənin bu sahədəki rəqabət mövqeyini köklü şəkildə dəyişdirmişdir.
NCSI dünya üzrə 100-dən çox ölkəni əhatə edən, kibertəhlükəsizlik sahəsindəki ən etibarlı beynəlxalq ölçmə alətlərindən biri hesab olunur. İndeks yalnız texniki imkanları deyil, eyni zamanda hüquqi çərçivəni, idarəetmə qabiliyyətini və milli hazırlıq səviyyəsini qiymətləndirir. Bu kontekstdə Azərbaycanın 31-ci mövqeyə çıxması ölkənin rəqəmsal gündəmdə etibarlı bir tərəfdaş kimi tanınmasına mühüm töhfə verir.
Bu nailiyyət Azərbaycanın rəqəmsal gələcəyə inamla irəlilədiyinin, dövlət rəhbərliyinin isə bu istiqamətdəki öhdəliyinin parlaq təsdiqidir.


