
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Kibertəhlükəsizliyin idarəedilməsi sektorunun əməkdaşı Ayxan Hüseynli Özbəkistanın Daşkənd şəhərində keçirilən Mərkəzi Asiya Regional Simpoziumunda iştirak edib.
İnsidentlərə Cavab və Təhlükəsizlik Qrupları Forumu (FIRST) ilə Özbəkistanın Dövlət Unitar Müəssisəsi olan “Kibertəhlükəsizlik Mərkəzi”nin birgə təşkil etdiyi tədbirdə “FIRST” təşkilatının qlobal üzvləri ilə yanaşı, Mərkəzi Asiya ölkələrinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri də bir araya gəliblər.

Simpoziumda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərin nümayəndələri insidentlərin idarəedilməsi, erkən xəbərdarlıq sistemlərinin qurulması və digər aktual mövzularda təqdimatlarla çıxış ediblər.
Tədbir çərçivəsində zərərli proqram təminatlarının inkişafı, Təhlükəsizlik Əməliyyatları Mərkəzlərinin (SOC) dayanıqlığının qiymətləndirilməsi və təhdidlərin aşkarlanması üzrə praktiki təlimlər də təşkil olunub.

Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti 2015-ci ildən “FIRST” təşkilatının tamhüquqlu üzvüdür. Bundan əlavə, ETX ilə Özbəkistanın Dövlət Unitar Müəssisəsi “Kibertəhlükəsizlik Mərkəzi” arasında ötən il əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
