18 may tarixində SOCAR-ın "Azneft" İstehsalat Birliyinin təşəbbüsü və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) iştirakı ilə birliyin əməkdaşları üçün kibertəhlükəsizlik mövzusunda maarifləndirici təlim keçirilib.
“Onlayn mühitdə təhlükəsizlik” mövzusuna həsr olunan təlimin məqsədi əməkdaşların kibertəhlükəsizlik sahəsində məlumatlılığının artırılması, rəqəmsal risklər və onlardan qorunma üsulları barədə biliklərinin gücləndirilməsi olub.
Tədbir zamanı ETX-nin əməkdaşı tərəfindən müasir kiberhücumların xüsusiyyətləri, fişinq və sosial mühəndislik halları, həmçinin internetdən təhlükəsiz istifadə qaydaları barədə ətraflı məlumat təqdim edilib.
İnteraktiv formada təşkil olunan sessiya çərçivəsində iştirakçıların sualları cavablandırılıb, real nümunələr əsasında müzakirələr aparılıb və müxtəlif risklərdən qorunma yolları izah olunub. Təlimin əvvəlində və sonunda keçirilən testlər vasitəsilə iştirakçıların bilik səviyyəsi qiymətləndirilib.
Qeyd edək ki, bu kimi maarifləndirici təşəbbüslər əməkdaşların kibertəhlükəsizlik sahəsində praktiki bilik və bacarıqlarının artırılmasına, eləcə də rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasına xidmət edir.




