QAYNAR XƏTT 1654

Elektron Təhlükəsizlik Mərkəzi nüfuzlu beynəlxalq təşkilata üzv oldu

08 Jul 2014

Elektron Təhlükəsizlik Mərkəzi (ETM) "Anti-Phishing Working Group" (APWG) beynəlxalq təşkilatına üzv olub. Belə ki, ETM-in birgə əməkdaşlıq üçün APWG-ə ünvanladığı müraciət təşkilat tərəfindən müsbət qarşılanıb, tərəflər arasında saziş imzalanıb və Elektron Təhlükəsizlik Mərkəzi APWG-un tədqiqat qrupunun rəsmi üzvləri sırasına daxil olunub.

Bu hadisə Azərbaycanda elektron təhlükəsizlik sahəsində dövlət tərəfindən aparılan uğurlu siyasətin beynəlxalq arenada da davam etdirilməsi imkanı yaradacaq. Belə ki, əməkdaşlıq çərçivəsində APWG üzvlərə tədqiqat tərəfdaşlığı hüququ verir. Tədqiqat tərəfdaşı APWG tərəfindən müəyyən olunan "Fişinq Hesabat" ünvanında  "Fişinq Hesabat Fondu Məlumatlarına" çıxış əldə etmək hüququna malik olur. Tədqiqat tərəfdaşı bununla Hesabat Fondu Məlumatlarında saxta fişinq məlumatlarını düzgün və dəqiq  göstərməsini təmin etmək üçün səy göstərmək və APWG üzvləri tərəfindən yanlış hesab olunan hər hansı bir məlumata düzəliş etmək haqqı əldə edir.

Həmçinin tərəfdaşlara APWG xəbərlər və hesabatlarına abunə olmaq, onlardan istifadə etmək, APWG iclaslarında iştirak etmək hüququ da verilir.
Hazırda dünya ölkələrindən 2000-dən çox müəssisənin üzv olduğu APWG 2003-cü ildən fəaliyyət göstərməkdədir. Qurum sənaye, hökumət və hüquq-mühafizə sektorlarında kibercinayətkarlıqla qlobal mübarizə üzrə fəaliyyət göstərən beynəlxalq təşkilatdır. Bu təşkilat fişinq və kibercinayətkarlıq məsələlərini müzakirə etmək, potensial texnoloji həlləri təmin etmək üçün vahid platforma rolunu oynayır.Artıq Azərbaycanın da üzv olduğu "Anti-Phishing Working Group"  Avropa Şurası, Kibercinayətkarlıq haqqında Avropa Şurası Konvensiyası, Birləşmiş Millətlər Narkotik və Cinayətkarlıqla Mübarizə İdarəsi, Amerika Dövlətləri Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi qurumlarla əməkdaşlıq etməkdədir.