QAYNAR XƏTT 1654

Uşaqların internet təhlükəsizliyi

07 Feb 2014

Uşaqların internet təhlükəsizliyinin təmin olunması üçün valideynlər qədər uşaqlar özləri də məsuliyyət daşıyır. Sürətli və sərhədsiz əlçatanlıq sayəsində həyatı əhəmiyyətli dərəcədə asanlaşdıran internet, uşaqlar üçün həm əyləncə, həm də tədris vasitəsidir.

Uşaqların internet təhlükəsizliyi mövzusunda həm valideynlər, həm də uşaqlar düzgün istiqamətləndirilməlidir. Lakin, xüsusilə qeyd etməliyik ki, bu sahədə ən böyük məsuliyyət valideynlərin, eyni zamanda internet xidməti provayderləri, təhsil qurumları və dövlətin üzərinə düşür.

İnternetdən təhlükəsiz istifadə hər bir fərdin həyatında əhəmiyyətli rol oynasa da, uşaqlar üçün bu təhlükəsizliyin daha vacib olması qaçılmaz reallıqdır. Uşaqların yaşlarına uyğun məlumatları rahat şəkildə əldə edə bilməsi, lakin, zərərli kontentdən uzaq qalması üçün provayderlər tərəfindən təklif olunan "informasiyanın filtrlənməsi" xidmətindən istifadə olunmalıdır. Lakin, iş bununla bitmir.

Məlumdur ki, uşaqlar yalnız evdə mövcud olan internetdən istifadə etmir. Bununla yanaşı internet klublarda, məktəblərdə də internetə qoşulur və informasiya əldə edirlər. Dövlət tərəfindən həyata keçirilən layihə nəticəsində bir müddətdir ki, məktəblərdə filtrlənmiş internetdən istifadə olunur.

Lakin, internet klublar haqqında bunu deyə bilmərik. Buna görə də uşaqların internet təhlükəsizliyinin təmin olunmasında atılacaq önəmli addımlardan biri də bu mövzunun nə qədər vacib olduğunu və onların zərərli kontentdən yayınmasını uşaqlara düzgün şəkildə çatdırmaqdır.

 Qeyd etmək istərdik ki, uşaqların internet təhlükəsizliyinin təmin olunması sahəsində Elektron Təhlükəsizlik Mərkəzi 2013-cü ildə maarifləndirmə tədbirləri həyata keçirmiş, Azərbaycanda keçirilən beynəlxalq konfranslar çərçivəsində bu mövzuda müzakirələrə qatılmış, eyni zamanda ölkəmizdə uşaqların internet təhlükəsizliyinin təmin olunması üçün bir sıra təkliflər hazırlamışdır. Bununla yanaşı, cari ildə də bu sahədə  tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.